Gəncədə qeyri-adi muzey FOTO
İkibaşlı buzov, ikicanlı donuz, bədənsiz doğulmuş heyvan başları, bədheybət təpəgözlər, amputasiya edilmiş əllər, ayaqlar, eləcə də neçə-neçə əcaib görünüşlü canlılar... Bəlkə də çox insanlar bu cür qorxunc varlıqları ya mifik surətlər haqqında kitablardan oxuyub, ya da həmin canlılardan bəhs edən filmlərdə görüblər. Təbiətin anomal hadisələri səbəbindən bu cür doğulan canlılara aid yüzlərlə cəsəd və daxili orqanların qalıqları, çoxlu sayda heyvan buynuzları, müqəvvalar, preparatlar, mulyajlar Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universitetində yaradılmış Pataloji Anatomiya Muzeyinin ən qiymətli və nadir eksponatlarını təşkil edir.
Əsası universitetin alimləri Ənvər Xəlilov və Firudin Namazov tərəfindən 1940-1950-ci illərdə qoyulan Pataloji Anatomiya Muzeyi insan, heyvan və quşlarda yaranan xəstəlikləri, eləcə də bu xəstəliklərin təsiri ilə baş verən dəyişiklikləri öyrənmək məqsədilə təşkil olunub. Hazırda minlərlə eksponatın qorunduğu bu nadir muzeyə baxdıqda hiss olunur ki, vaxtilə həmin alimlər belə bir elmi-tədqiqat xarakterli muzeyin yaradılması üçün böyük əmək sərf ediblər. Çünki, Pataloji Anatomiya Muzeyində mühafizə olunan eksponatların bir hissəsi sifariş əsasında, həmin illərdə SSRİ-də bu sahə üzrə ixtisaslaşan müəssisələrdən alınsa da, əksəriyyəti universitet alimlərinin zəhməti hesabına toplanılıb.
Pataloji Anatomiya Muzeyi haqqında ətraflı məlumat verən əczaçılıq və baytarlıq-sanitariya ekspertizası kafedrasının dosenti Ehkam Əliyev bildirib ki, burada patalogiyanın bütün sahələrini əhatə edən xəstəliklərə aid eksponatlar var. Muzeydə eksponatların sərgiləndiyi dolab və rəflərdən birincisində yerli ölüm, yaxud nekrozlara aid nümunələrə, insanın ana bətnində aylar üzrə böyüməsini və uşağın inkişafını göstərən embrionlara rast gəlmək mümkündür. Digər dolablara heyvanlardakı maddələr mübadiləsi pozğunluqarını göstərən nümunələr toplanıb. Heyvanların ayrı-ayrı orqanlarında yaranan müxtəlif ölçülü öd, mədə, böyrək, sidik kisəsi daşları, qumlar və duz kristallarının qorunub saxlanıldığı nümunələr də muzeyin dəyərli eksponatlarıdır. Həmçinin dolab və rəflərdə qan dövranı pozğunluqları, tromblar, qanaxmalar və qansızmalara aid nümunələr də yerləşdirilib.
Muzeyin ən böyük guşələrindən biri isə xərçəng xəstəliyinə və müxtəlif şiş xəstəliklərinə həsr olunub. Bu rəflərdə düzülmüş yoluxmayan daxili xəstəliklərə - ürək, böyrək, qara ciyər, dalaq, mədə və bağırsağa aid eksponatlar görənlərin marağına səbəb olur. Bir başqa guşələrdə isə göbələk, parazitar, qan parazitar, bakterial və virusların törətdiyi xəstəliklər, həmçinin canlılarda rast gəlinən müxtəlif anomaliyalara aid nümunələri görmək mümkündür.
Muzeydən həm də universitetin bu sahə üzrə təhsil alan tələbələri və gənc tədqiqatçılar elmi araşdırmalar aparmaq məqsədi ilə istifadə edirlər.
Ölkəmizdə baytarlıq təbabəti və zoomühəndislik elminin inkişafında böyük rola malik olan Pataloji Anatomiya Muzeyi haqqında danışan Ehkam Əliyev qeyd edib ki, uzun illərdir konservant məhlullarda qorunub saxlanılan eksponatlar universitet alimlərinin səyi nəticəsində ildən–ilə zənginləşir. Belə ki, fərdi sahibkarlar tərəfindən müxtəlif fermer təsərrüfatlarına dəvət alan alimlər xəstə heyvanlar və quşlar üzərində müəyyən tədqiqatlar aparırlar. Canlılarda hər hansı xəstəliklər aşkarlandıqda heyvanlar və quşlar muzeyə gətirilir və həmin cəsədlərin elm üçün əhəmiyyətli hissəsindən nümunələr götürülür.
Pataloji Anatomiya Muzeyi minlərlə eksponatın qorunub saxlandığı zaldan və elmi-tədqiqat laboratoriyasından ibarətdir. Aqrar Universitetin müvafiq ixtisas üzrə təhsil alan tələbələri burada alimlərin mühazirələrini dinləyir, laboratoriyada xəstəliklərin mikroskopik quruluşunu öyrənir, daha sonra isə eksponatlar vasitəsilə həmin xəstəliklərin makroskopik vəziyyəti ilə yaxından tanış olurlar.
©Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
9 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 10 saat əvvəl
-
10 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 12 saat əvvəl
-
12 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"























