"Əməkdaşlıq barədə sazişlərin yeni layihələri üzərində iş başlanıb"
İyunun 29-da Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı keçirilib.
Dövlətimizin başçısı Zirvə Toplantısında çıxış edib.
- Hörmətli Sərdar Qurbanquluyeviç.
Hörmətli dövlət başçıları.
Hörmətli Sammit iştirakçıları.
İlk növbədə, bizə göstərilmiş qonaqpərvərliyə və VI Xəzər Sammitinin yüksək səviyyədə təşkilinə görə Sərdar Qurbanquluyeviç Berdiməhəmmədova təşəkkürümü bildirirəm.
Bizim görüşümüz Türkmənistanın keçmiş Prezidenti, mənim əziz dostum və qardaşım, Türkmənistan Parlamentinin Xalq Məsləhətinin sədri Qurbanqulu Məlikquluyeviç Berdiməhəmmədovun yubileyi ilə eyni vaxta düşür. Qardaş Türkmənistan onun rəhbərliyi ilə müstəqilliyin möhkəmləndirilməsində, beynəlxalq arenada nüfuzunun artmasında, xalqın rifahının yüksəlməsində və iqtisadi inkişafda sanballı uğurlar qazanıb. Qurbanqulu Məlikquluyeviçi şəxsən öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm, ona möhkəm cansağlığı, qardaş Türkmənistan xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.
Sərdar Qurbanquluyeviç, fürsətdən istifadə edib Sizi Türkmənistan Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə bir daha təbrik edirəm. Əminəm ki, Sizin rəhbərliyinizlə Türkmənistan yeni uğurlar qazanacaq.
Azərbaycan ölkələrimizin Xəzərdə qarşılıqlı fəaliyyətinə böyük əhəmiyyət verir. Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiya tarixi əhəmiyyət kəsb edir. Çoxillik iş nəticəsində imzalanmış bu sənəd Xəzərin hüquqi statusunu müəyyən edib. Konvensiyanın tezliklə qüvvəyə minməsi dövlətlərimizin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər görülməsi üçün möhkəm hüquqi zəmin yaradacaq.
Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazası möhkəmlənir. Təhlükəsizlik, hidrometeorologiya, nəqliyyat, suyun bioloji ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahələrində, habelə qarşılıqlı maraq doğuran başqa sahələrdə sazişlər imzalanıb və qüvvəyə minib. Əməkdaşlıq barədə sazişlərin yeni layihələri üzərində iş başlanıb. Bu layihələr müzakirə prosesindədir və hazır olduqca imzalanmaq üçün təqdim ediləcək. Xəzər dənizinin dibinin sərhədləri barədə ikitərəfli və çoxtərəfli formatlarda hüquqi cəhətdən məcburi sazişlər də bağlanıb. Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir.
Qeyd etməyə şadam ki, bizim qarşılıqlı fəaliyyətimizin əsasını bütün tərəflərin mənafelərinin nəzərə alınması, Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq təşkil edir. Xəzər dənizi bizim regionun xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir. Qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasına çalışmaq sahilyanı dövlətlərin əsas prioritetləri olaraq qalır. Nəqliyyat infrastrukturunun inkişafı, nəqliyyat xidmətlərinin və multimodal daşımaların keyfiyyətinin yaxşılaşdırılması əməkdaşlığın mühüm istiqamətidir. Nəqliyyat sahəsində Xəzəryanı dövlətlər arasında bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələr Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün yaxşı təməl yaradır.
Bu gün Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Biz Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstəririk. Bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq.
Biz Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə Azərbaycan ərazisindən keçməklə yükdaşımaların hər il artmasını müşahidə edirik. Yeni Ələt Beynəlxalq Dəniz Ticarət Limanından gələn tranzit yüklərin həcmi artır. Bu limanın tikilməsi və istifadəyə verilməsi Xəzərdə nəqliyyat-logistika infrastrukturunun inkişafı işinə Azərbaycanın daha bir mühüm töhfəsi olub.
Bu il Azərbaycanda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin koordinasiya şurasının VIII görüşünün keçirilməsi də planlaşdırılır.
Azərbaycan Vətən müharibəsində Qələbədən və Ermənistanla münaqişənin həllindən sonra Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası, o cümlədən beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üzrə genişmiqyaslı işlər görməyə başlayıb. Zəngəzur dəhlizi artıq reallığa çevrilir.
Biz ətraf mühitin bugünkü vəziyyəti ilə əlaqədar sahilyanı dövlətlərin narahatlığına şərikik. Azərbaycan Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Xəzərin bioloji su ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi üzrə komissiya çərçivəsində Xəzəryanı dövlətlərin uğurlu qarşılıqlı fəaliyyəti davam edir. Bu ilin sonunda Bakıda “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının tərəflərinin VI konfransının keçirilməsi nəzərdə tutulub. Bu gün məhdud tərkibdə görüşdə biz xüsusi narahatlıq doğuran məsələlər, konkret olaraq Xəzər dənizinin dayazlaşması barədə həmkarlarımızla fikir mübadiləsi apardıq. Biz bunu uzun illər boyu müşahidə edirik və təəssüf ki, dayazlaşma dinamikası narahatlıq doğurur. Buna görə biz fikir mübadiləsi apardıq və yəqin ki, nümayəndə heyətlərimiz belə ekoloji fəlakətin səbəblərinin aşkar edilməsi və Xəzərin bundan sonrakı dayazlaşmasının qarşısını almağa yönəlmiş tədbirlərin müəyyənləşdirilməsi üçün xüsusi ekspert qruplarının yaradılması işini davam etdirəcəklər.
Sonda, icazə verin, bizim Sammitin səmərəli təşkilinə görə Türkmənistan tərəfinə bir daha təşəkkürümü bildirim. Əminəm ki, bu Sammit Xəzəryanı dövlətlərin qarşısında duran mühüm ümumi məsələlərin həllinə yönəlmiş səylərin birləşdirilməsinə şərait yaradacaq. Diqqətinizə görə təşəkkür edirəm.
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
46 d. əvvəl
Məşhur bazar analitikindən 20 faizlik çöküş xəbərdarlığı: 6 səbəb sadaladı
- 55 d. əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
- 2 saat əvvəl
-
3 saat əvvəl
Almaniyada məşğulluq böhranı: İşçi qüvvəsinin 30 faizi bazarı tərk edəcək
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
İri bank 2027-ci ilin ortalarına qədər qızılın bir unsiyasının qiymətinin 5100 dollara çatacağını proqnozlaşdırır
"Dünya iqtisadiyyatı böyük təhlükədən yayındı”
İDEAL KREDİT BOKT-da işçi sayı il ərzində 67 faiz artıb
Lizinq şirkəti BOKT yaradır
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
Ən çox oxunanlar
Azercell və Samsung-dan yeni kampaniya!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
“Merkuri BOKT” növbədənkənar yığıncaq keçiriləcək
İyunun 24-nün hava proqnozu - yağış yağacağı gözlənilir

























